Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsinin ilk iclası keçirilib.

Offsideplus.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, AGF-nin baş katibi Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan iclasda Komitənin təşkilati məsələlərinə baxılıb. Qərara əsasən, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov Komitənin sədri, AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova isə Komitənin katibi seçilib.

Komitənin tərkibində AGF-nin Nümayəndəliklərlə İş şöbəsinin mütəxəssisi Elfaq Səfərov, İdman şöbəsinin mütəxəssisi Yaqub Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vahid Məmmədov və sərbəst güləş üzrə milli komandanın məşqçisi Arif Abdullayev üzv qismində təmsil olunurlar.

İclas zamanı Komitənin fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Fəaliyyət planına güləş üzrə veteranların müəyyənləşdirilməsi meyarlarının hazırlanması, onlara göstərilən diqqət və qayğının artırılması, eləcə də güləş irsinin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən təşəbbüslər daxil edilib.

Bununla yanaşı, Komitənin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Güləş ictimaiyyətinin müxtəlif nümayəndələrinin prosesə cəlb olunması və federasiya ilə veteranlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi əsas prioritetlərdən biri kimi vurğulanıb.