Heyli Baptist "Madrid Masters" turnirinin 1/4 finalında dünya reytinqinin lideri Arina Sabalenkanı məğlub edərək böyük sensasiyaya imza atıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı amerikalı tennisçi 15 oyunluq qələbə seriyası olan rəqibinə 2:6, 6-2, 7-6(6) hesabı ilə qalib gəlib. Matçın gedişində 6 matç-poyntu geri qaytaran Baptist, Sabalenkanın güclü oyununa qarşı kreativ tennis və temp dəyişikliyi ilə cavab verib.

Mayın 24-də start götürəcək "Fransa Açıq" (French Open) çempionatı öncəsi danışan Baptist qələbəsini belə şərh edib:

"Onunla bir neçə həftə əvvəl Mayamidə oynamışdım və gərgin matç alınmışdı. Bu dəfə ona qarşı necə oynamalı olduğumu və hansı düzəlişləri etməli olduğumu daha yaxşı bilirdim. Kritik anlarda verdiyim qərarlar isə sırf instinktiv idi".

Mütəxəssislər qeyd edirlər ki, Baptistin bu qələbəsi Sabalenkanın gücə söykənən oyununun torpaq kortda taktiki müxtəlifliklə sıradan çıxarıla biləcəyini göstərdi.