“Mövsüm bir qədər gərgin keçdi”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Quba” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Mütəxəssis komandasının cari mövsümdə Azərbaycan Basketbol Liqasında çıxışını dəyərləndirib:

“Ümumilikdə götürsək, ötənilki mövsümlə müqayisədə komandalar daha keyfiyyətli oyun nümayiş etdirməyə başlamışdılar. A qrupunda ilk iki yerin sahibi əvvəlcədən məlum idi — “Sabah” və “Abşeron Lions”. Digər klublardan “Gəncə” və “Neftçi” daha üstün görünürdü. Sonuncu yerlərdə qərarlaşan NTD və “Şəki” isə demək olar ki, mövsüm boyu qələbə qazana bilməsələr də, B qrupundakı bəzi komandalardan daha güclü olduqlarını göstərirdilər. Bu da pley-in mərhələsində özünü göstərdi.

Rəhbərlik etdiyim “Quba” komandası isə bir sıra uğursuzluqlarla üzləşdi. Mövsümün ortasında hücumçu oyunçumuz komandadan ayrıldı və biz legionerlərlə mübarizə aparmağa məcbur qaldıq. Müntəzəm mövsümün son oyununda “Naxçıvan”a 1 xal fərqi ilə məğlub olmağımız bizi geri saldı. Əks halda, pley-ində məhz həmin rəqiblə qarşılaşacaqdıq.

“Şəki”yə qarşı oyunda isə demək olar ki, heç bir şansımız yox idi. Onlar yeddi legionerlə çıxış edirdilər, bizdə isə cəmi dörd legioner var idi.

Pley-off mərhələsinə gəldikdə, düşünürəm ki, komandalar layiqli oyun nümayiş etdirdilər. Amma “Ordu”dan daha yaxşı performans gözləyirdim — ən azından yarımfinala yüksəlmələrini istərdim. Düşünürəm ki, növbəti mövsümdə daha yaxşı çıxış edəcəklər”.

Əsgərov finalda “Sabah” komandasının favorit olduğunu vurğulayıb: “Hesab edirəm ki, layiqli komandalar bu mərhələyə yüksəldi. Bununla belə, məncə, “Neftçi”nin də şansı var idi. “Abşeron Lions”la oyunda komanda zədə problemi yaşamasaydı, seriyanı üçüncü oyuna qədər uzada bilərdi. Bu qarşılaşma digər yarımfinaldan daha gərgin keçdi. “Neftçi”nin finala çıxa bilməməsi bir qədər təəssüf doğurur, çünki komanda yaxşı heyətə malikdir.

Digər tərəfdən, finalda layiqli komandalar qarşılaşacaq. Mən üstün tərəf kimi “Sabah”ı görürəm. Amma “Abşeron Lions” da xüsusilə Frezerlə birlikdə nələrsə edə bilər. Bir sözlə, “Sabah” favorit görünsə də, Erhan Tokerin komandasının da deyəcək sözü var. Ümid edirəm ki, final seriyasında beş oyun izləyə biləcəyik”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final seriyasında ilk qarşılaşmada "Sabah" bu axşam "Abşeron Lions"u qəbul edəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matç Bakı İdman Sarayında baş tutacaq. 3 qələbəyə ilk çatan komanda 2025/26 mövsümünün çempionu olacaq.