Meksika futbolunun əfsanəvi qapıçısı Giluermo Oçoa 2026-cı il FIFA Dünya Çempionatından sonra milli komandadakı karyerasını başa vuracağını rəsmən təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı qolkiper bu turnirdə iştirak etməklə 6 fərqli Dünya Çempionatında çıxış edən ilk futbolçu kimi tarixə düşməyi hədəfləyir.
Hazırda Kiprin "Limassol" klubunda çıxış edən təcrübəli qapıçının gələcək planları barədə maraqlı detallar məlum olub. Oçoa 2026-cı il çempionatının onun üçün "son rəqs" olacağını və Meksika forması ilə sonuncu dəfə bu turnirdə meydana çıxacağını bildirib.
Əfsanəvi qapıçı təkcə milli komandadan deyil, ümumiyyətlə peşəkar futboldan getməyi də ciddi şəkildə nəzərdən keçirir.
Onun karyerasını başladığı "Amerika" klubunda bitirmək istədiyi, lakin turnirdən sonrakı fiziki vəziyyətinə uyğun olaraq qəti qərar verəcəyi gözlənilir.
Oçoa Meksika millisinin heyətində indiyədək 150-dən çox oyunda meydana çıxıb.


