"Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis final seriyasının ilk qarşılaşmasında "Abşeron Lions" üzərində qazanılan çətin qələbəni (98:93) şərh edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis komandasının xarakter nümayiş etdirdiyini və taktiki intizamın önəmini vurğulayıb.
Kurtinaitis oyunun çətin keçəcəyini öncədən proqnozlaşdırdıqlarını bildirib:
"Final seriyasında həm psixoloji, həm də fiziki baxımdan hazırlıqlı olmalısan. Oyuna bir qədər ehtiyatsız başladıq. Rəqibin də oyununu xüsusi qeyd etmək lazımdır – "Abşeron Lions" taktiki cəhətdən çox yaxşı çıxış etdi".
Təcrübəli baş məşqçi basketbolçuların geri dönüş etmək bacarığını yüksək qiymətləndirib:
"Basketbolçularımıza oyun ritmindən düşmədikləri və sona qədər soyuqqanlı davrandıqları üçün təşəkkür edirəm.
Uzun müddət hesabda geri olmağımıza baxmayaraq, oyunçular təmkinlə mübarizə apardılar. Məhz bunun sayəsində sonuncu periodda vəziyyəti öz xeyrimizə dəyişməyi bacardıq".
Seriyada 1:0 önə keçən "Sabah"ın çalışdırıcısı arxayınlığa yer olmadığını qeyd edib:
"Seriyaya qələbə ilə başlamaq böyük üstünlükdür. Amma biz artıq bu qələbəni unudub növbəti görüşə tam köklənməliyik".


