​Basketbol üzrə Azərbaycan çempionatının final seriyasının ilk görüşündə "Sabah" klubuna 93:98 hesabı ilə məğlub olan "Abşeron Lions"un baş məşqçisi Erhan Toker oyundan sonra mətbuata açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyətin əsas səbəbi kimi heyətdəki zədəliləri və oyunçuların fiziki durumunu göstərib.

​Baş məşqçi komandanın mərkəz mövqeyində ciddi sıxıntılar yaşadığını vurğulayıb:

"Yaxşı oynadıq, yaxşı mübarizə apardıq, sadəcə sonluğu gətirə bilmədik. Ceylon Şoudan sonra Saadettin Donat da zədələnərək sıradan çıxmışdı. Arinze Çidom oyun gününə qədər xəstə idi, müalicə alaraq özünə gəlməyə çalışırdı. Ceyms Freyzer isə bildiyiniz kimi, 'Neftçi' ilə oyunda zədə almışdı, əli şiş olsa da, bu gün fədakarlıq edərək meydana çıxdı".

​Toker rəqibin məhz daxili zonadakı üstünlüyündən istifadə etdiyini qeyd edib:

"Mərkəz mövqeyində potensial oynada biləcəyimiz cəmi 3 basketbolçumuz qaldı: Gediminas Orelik, Nicat Məmmədli və Arinze Çidom.

​Orelik çətinlik çəkirdi, Çidom isə foul limitinə yaxınlaşdığı üçün onu kənara almalı oldum. Rəqib məhz mərkəzə yüklənməyə başladı və önə keçdi. Onlar sərtliyi artırdı, biz isə buna lazımi qarşılığı verə bilmədik".

​Məğlubiyyətə baxmayaraq, baş məşqçi komandasının əzmkarlığını yüksək qiymətləndirib:

"Oyunçularımın mübarizə əzminə görə təşəkkür edirəm və onlarla qürur duyduğumu bildirirəm. "Sabah"ı qələbə münasibətilə təbrik edirəm, heyətləri daha geniş idi. Seriyanın davamında işimiz asan olmayacaq, amma sağlam oyunçularımızın sayı artsa, növbəti matçda qələbə üçün nə lazımdırsa edəcəyik".

Qeyd edək ki, final seriyası bir komandanın üç qələbəsinə qədər davam edəcək. Hazırda "Sabah" seriyada 1:0 hesabı ilə öndədir.