"Yunan-Roma güləşi üzrə milli komandamız Avropa çempionu oldu. Zəhmət çəkən hər kəsə minnətdarlığımı bildirirəm. Şəxsi məşqçim Turac Hüseynli, yığmanın çalışdırıcılarına, Azərbaycan Güləş Federasiyasının, eləcə də Gənclər və idman Nazirliyinin rəhbərliyinə təşəkkürümü çatdırıram. Bütün idman ictimaiyyətini təbrik edrəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yunan-Roma güləşi növündə qızıl medal qazanan Qurban Qurbanov deyib.
23 yaşlı idmançı 82 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib. O, fərxri kürsünün ən yüksək pilləsinə qalxmağın asan olmadığını nəzərə çatdırıb: "Kənardan asan görünür. Amma Avropada güləş çox inkişaf edib. Artıq hər kəs güləşməyi bacarır. Burada qələbə qazanmaq çətindir. Komanda ruhu, əzmkarlıq tələb olunur. Allaha həmd olsun ki, biz gücümüzü göstərə bildik. Böyüklər arasında ilk dəfə qatıldığım Avropa çempionatı və qızıl medal! İnşallah gələcəkdə daha böyük nəticələr qazanarıq".
Qeyd edək ki, Q.Qurbanov finalda Macarıstan təmsilçisi Erik Szilvassini 6:0 hesabı ilə məğlub edib.