"Neftçi"nin futbolçusu Filip Ozobiç növbəti şəxsi uğuruna nail olub.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Azərbaycan çempionatları tarixində 3 fərqli klubda ən azı 15 qol vuran 7-ci futbolçuya çevrilib.

O, yubiley qolunu dünən Misli Premyer Liqasının XXX turunda “Zirə”yə qarşı matçda vurub.

Ozobiç bundan öncə “Qəbələ”də 16, “Qarabağ”da isə 35 dəfə fərqlənib.

Beləliklə, istedadlı legioner 7 nəfərdən ibarət siyahıya düşüb. Belə ki, indiyədək Qurban Qurbanov (“Daşqın”, “Turan”, “Neftçi”), Samir Əliyev (MOİK, “Neftçi”, “Xəzər Lənkəran”), Rövşən Əhmədov (“Turan”, “Kəpəz”, “Şəmkir”), Kənan Kərimov (“Qarabağ”, “Şəmkir”, “Turan”) və Fərrux İsmayılov (“Bakı”, “Neftçi”, “Karvan”) 3 fərqli komandada 15 və ya daha çox qola imza atmışdılar. 

Azərbaycanın ən güclü hücumçularından biri Nazim Əliyev isə mütləq rekordun sahibidir. O, 4 klubun - “Xəzər” (Sumqayıt), “Neftçi”, “Qarabağ” və “Bakı”nın (əvvəlki “Dinamo”) heyətində rəqiblərini ən azı 15 dəfə məyus edib.