"Avropa çempionatında ilk görüşümü Macarıstan idmançısına qarşı keçirdim. Və ona məğlub oldum. Hərçənd ötən il həmin güləşçiyə 7:0 hesabı ilə qalib gəlmişdim".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan yunan-Roma güləşi yığmasının üzvü Ülvi Qənizadə Slovakiyada keçirilən Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.

26 yaşlı həmyerlimiz yarışın 1/8 finalında hakimlərin qeyri-obyektiv qərarlar qəbul etdiyini bildirib: "İlk görüşdə məğlubiyyətə səbəb hakimlərin ədalətsizliyi oldu. Sona 5 saniyə qalmış udurdum, 4:3 hesabı ilə öndə idim. Ancaq rəqib başla üzümə güclü zərbə vurdu. Üzümdəki çapıqlar onun nəticəsidir. Məhz buna görə məğlubiyyətlə üzləşdim. Halbuki 1/4 finala çıxmağıma saniyələr qalmışdı. İnstaqram hesabımda səhifəyə baxanda haqqımda mənfi rəylər yazıldığını gördüm. "Ülvinin dözümlülüyü çatmadı" və s. Lakin səbəb bu deyildi. Hakimlərin düzgün qərar verməməsinə görə uduzdum".

72 kq çəki dərəcəsində mübarizə aparan idmançımız gələcək yarışlarda daha böyük uğurlar qazanmaq niyyətindədir: "Təsəlliverici mərhələdə Rusiyanın adından (UWW - red.) çıxış edən erməni idmançısını üstələdim. Üçüncü yer uğrunda isə belaruslu güləşçi ilə çox gərgin görüş oldu. Allaha həmd olsun ki, 2:1 hesabı ilə qalib gəldim. Bura Avropa çempionu olmağa gəlmişdim. Qismət... Buna da çox şükür! İnanıram ki, qarşıdan gələn dünya çempionatında bu bürünc medalı qızıla çevirməyi bacaracağam və mənə ümid bəsləyən Azərbaycan xalqını sevindərəcəyəm".

Xatırladaq ki, Ü.Qənizadə kareyarası ərzində dünya çempionatında 1 qızıl, 1 gümüş, Avropa çempionatında isə 1 qızıl, 1 gümüş və 4 bürünc medalını qazanıb.