ABL-nin 1/4 final mərhələsində "Gəncə" evdə "Ordu"nu məğlub edib.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Halil Atlı matçdan sonra qarşılaşma barədə fikirlərini bölüşüb:
"Hər şeydən öncə Türkiyədə baş verən məlum olayla bağlı həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm. Çox üzgün şəkildə oyuna çıxdım. Matçla bağlı uzun danışılacaq bir şey yoxdur. Məncə, meydanda xarakter göstərdik. Amma digər tərəfdən hakimlərin ünvanına söyləniləcək bir fikir varsa, kaş ki, bu mövsümü yerli hakimlərlə davam edərdik. Çünki çox yaxşı idarəçilik oldu. Onların əməyi, bacarığı böyükdür. Bugünkü matçda çox asan şəkildə oyundan atıldım. Hakimlərlə ünsiyyət, rabitə belə qura bilmədik. Oyunu şərh etməyəcəm. Hər şey ortadadır, çalınmayan fitlər var. Komandamı, köməkçilərimi təbrik edirəm. Məşqçilər məndən sonra komandaya çox dəstək oldular. Bir oyun daha var. Ora konsentrasiya olacağıq. Turu keçmək üçün nə lazımdırsa, edəcəyik".
Qeyd edək ki, matç "Gəncə"nin 85:78 hesablı qələbəsi ilə başa çatıb və ümumi seriyada hesab bərabərləşib (1:1).


