"Qalatasaray" klubu UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda Fransanın "Lill" komandasına qarşı keçiriləcək matçdan öncə qitə futbol qurumuna rəsmi müraciət etməyə hazırlanır.

Offsideplus.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Oktyabrın 21-də Fransadakı "Dekatlon Arena - Pyer-Mora" stadionunda baş tutması planlaşdırılan qarşılaşma öncəsi İstanbul təmsilçisi ciddi narahatlıq keçirir.

Mənbənin məlumatına görə, "Qalatasaray" rəhbərliyi Fransada son günlər davam edən kütləvi etiraz aksiyalarını nəzərə alaraq, kluba yola düşəcək nümayəndə heyətinin və azarkeşlərin təhlükəsizliyinin maksimum səviyyədə təmin olunmasını tələb edəcək.

Sarı-qırmızılı klub məsələ ilə bağlı Fransa səfirliyi və Türkiyə Xarici İşlər Nazirliyi ilə sıx təmasdadır.

Qeyd olunub ki, matçın keçiriləcəyi yerin dəyişdirilməsindən söhbət getmir – "Qalatasaray" sadəcə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyir. Oxşar təhlükəsizlik addımlarının "PSJ" – "Barselona" qarşılaşmasında da tətbiq olunacağı gözlənilir.