UFC-nin yarımyüngül çəki dərəcəsində çempionu Aleks Volkanovski Movsar Evloevlə gözlənilən döyüşdən sonra karyerasını başa vurmaq niyyətində olmadığını bəyan edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli idmançı oktaqonda uzun illər qalmaq fikrində olmadığını, lakin yaxın vaxtlarda idmandan getməyi də planlaşdırmadığını bildirib:
"Karyeramı bitirmək planım yoxdur, amma elə də düşünmürəm ki, məni daha 10 döyüş gözləyir. Burada daha 10 dəfə qəfəsə çıxmaq istəmirəm. Ola bilsin, cəmi bir neçə döyüşüm qalıb. Gözləyək, görək necə olacaq".
Avstraliyalı çempionun rəqibi Mövsar Evloev də qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Rusiya təmsilçisi Volkanovskinin onu yalnız nokautla məğlub edə biləcəyini iddia etdiyini və döyüşdə bunun əksini sübut edəcəyini vurğulayıb.
Qeyd edək ki, Aleks Volkanovski ilə Movsar Evloev arasındakı çempionluq döyüşü oktyabrın 24-də "UFC 333" turniri çərçivəsində baş tutacaq.


