UFC-nin yarımağır çəki dərəcəsində mübarizə aparan dağıstanlı döyüşçü Magomed Ankalaev Aleks Pereyraya qarşı keçirdiyi ikinci döyüşə zədəli çıxmasının səbəblərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, idmançı qarşılaşmadan öncə ciddi zədəsinin olduğunu və həkimlərlə döyüşdən imtina etmək barədə müzakirələr apardıqlarını bildirib. Bir ayı müalicə və bərpa prosesinə sərf etdiyini deyən Ankalaev məşq və sparrinqlərdə tam şəkildə iştirak edə bilmədiyini qeyd edib. Buna baxmayaraq, o, hazırlıq prosesində böyük iş gördüyünü və oktaqona hazır olduğuna inandığını vurğulayıb.

Dağıstanlı döyüşçü çəki salma mərhələsində səhhətində problemlər yarandığını hiss etdiyini bildirib:

"Çəki salma zamanı vəziyyətimin yaxşı olmadığını anladım, lakin artıq geri dönüş yolu yox idi. Mən elə insanam ki, başıma gəlməsə, dərs çıxarmıram. Kəmər uğrunda döyüş mənim üçün hər şeydən vacibdir. Pereyra ilə revanşda sübut etmək istəyirəm ki, həmin məğlubiyyət təsadüfi idi və o, məni normal şəraitdə məğlub edə bilməz".

Ankalaev gələcək planlarından da söz açaraq orta çəki çempionu Drikus du Plessi (Dricus du Plessis) ilə də döyüş ehtimalının olduğunu və bu barədə danışıqların aparıldığını əlavə edib.