Fransa millisinin və "Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe xarakteri, şəxsi xoşbəxtliyi və üzərindəki böyük təzyiqlə necə bacardığı barədə səmimi açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli forvard özünü istənilən mühitə uyğunlaşmağı bacaran biri kimi xarakterizə edib:

"Mən sadəcə hər yerə, istənilən şəraitə uyğunlaşa bilən biriyəm. Amma bu, məni xameleon etmir – mən dünya insanıyam. Uşaqlıqdan çox səyahət etmişəm, müxtəlif mədəniyyətlərlə tanış olmuşam və öz prinsiplərimə uyğun olanları mənimsəmişəm. Üstəlik, həyatsevər və xəyalları olan biriyəm: daim irəliyə baxıram".

Mbappe həyatından məmnun olduğunu və futbol oynayaraq uşaqlıq arzusunu yaşadığını bildirib:

"Həmişə arzuladığım həyatı yaşayıram. Futbolçu olmaq istəmişdim və buna nail olmuşam. Təbii ki, bu yolda gözləmədiyim çətinliklərlə də üzləşdim, amma hər həftə ən yüksek səviyyədə meydandayam. Daha böyük xoşbəxtlik üçün nəyim çatışmır? Heç nə! İşdə daim daha çoxunu istəsəm də, həyatda əlimdə olanla kifayətlənməyi bacarıram".

Fransalı ulduz ictimaiyyətin onu ideal insan kimi görməsinə də münasibət bildirib:

"Məni ideal hesab edənlər yəqin ki, televizora baxmırlar (gülür). Çünki dəfələrlə səhv etmişəm və bu, məni narahat etmir. Televizor insanı tam əks etdirmir, ona görə də tamaşaçıların qiymətləndirməsi bəzən reallıqdan uzaq olur. İnsanları mühakimə etməkdən çəkinirəm, həyat belədir".

Mbappe milyonlarla insanın təzyiqi ilə necə baş etdiyini isə belə izah edib:

"Sakitliyi qorumaq lazımdır. Mən bəzi şeyləri başqalarından ağıllı olduğum üçün yox, sadəcə fərqli təcrübə yaşadığım üçün anlayıram. Mənim həyatımda baş verənlər hər kəsin başına gəlmir. Bu təcrübəni yaşamaq mənə nəsib olub – bu, məni nə daha ağıllı edir, nə də savadlı, sadəcə fərqli edir".