"Sabah” Çempionlar Liqasının 3-cü turunda Dormunt “Borussiya”sını qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablayıb: 

“Yəni rəqibin son iki oyunda qol vura bilməməsindən başlayım. Düşünürəm ki, bu, bizim üçün elə də yaxşı xəbər deyil. Çünki onlar daha da köklənəcək və hücum etmək, qol vurmaq yolları üzərində daha çox işləyəcəklər. Amma mən öz komandama, sahib olduğumuz potensiala və oyuna necə hazırlaşacağımıza da inanıram. “Borussiya” haqqında başqa nə demək olar? Bu Almaniyanın və ümumilikdə dünyanın ən böyük klublarından biridir. Onların oyun üslubu komanda oyununa və özünəməxsus kimliyə əsaslanır. Çox yaxşı məşqçinin rəhbərlik etdiyi bu komandanın bütün mövqelərində liderlər var. Bizi son dərəcə çətin oyun gözlədiyini düşünürük. Çünki onlar topu çox yüksək sürətlə ötürürlər. Bir daha qeyd edim ki, Çempionlar Liqasındakı hər oyun bizə dərs verir, nələrisə öyrədir. İnanıram ki, sabahkı qarşılaşma da özümüz haqqında çox şeyi anlamağımıza kömək edəcək”.

Çalışdırıcı Xəyal Əliyevin oynamaq ehtimalı barədə danışıb:

“Bizim 20-dən çox oyunçumuz mövcuddur. Buna görə də, bu axşamkı məşqdən sonra sabahkı oyun üçün iştirak ərizəsinə kimlərin daxil ediləcəyinə qərar verəcəyik. Xəyalın həmin siyahıda olub-olmayacağını da bundan sonra biləcəyik”.

“Sabahkı oyunun çətin keçəcəyini bilirik. Bu, Çempionlar Liqası matçıdır. Amma bildiyiniz kimi, biz bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Futbolumuzu oynamaq üçün Bakıya gəlmişik. Öz meydanımızda, azarkeşlərimizin önündə, ailələrimizin dəstəyi ilə oynayacağıq. Əlbəttə ki, əlimizdən gələnin ən yaxşısını etmək və ən yaxşı oyunumuzu göstərmək istəyirik”.

Azarkeşlər barədə:

“Əlbəttə, tribunaların dolu olması futbolçular üçün hər zaman xoşdur. Azarkeşlər nə qədər çox olsa, onları bir o qədər böyük məmnuniyyətlə qarşılayarıq. Onlar öz enerjilərini bizə ötürə bilərlər. Ümid edirəm ki, bu dəstək həm oyunumuzda, həm də nəticədə öz əksini tapacaq. Amma mən qələbə ehtimallarını müzakirə etməyi sevmirəm. Məni daha çox komandamın performansı maraqlandırır. İnanıram ki, yaxşı oyun göstərsək, üzərimizə düşən tapşırıqları yerinə yetirsək, razılaşdırdığımız plan üzrə hərəkət etsək və xüsusilə də xırda detallara, oyunun həlledici anlarında diqqətimizi cəmləsək, nəticə də öz-özünə gələcək”.

“Biz əlimizdən gələn qədər qol vurmağa çalışacağıq, siz rəqibdən soruşun ki, nə qədər şərait yaradacaq? (gülür)”.