"Renn" Fransa Milli Olimpiya və İdman Komitəsinə (CNOSF) müraciət etməyi nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, buna səbəb Peşəkar Futbol Liqasının (LFP) qərarı ilə çempionatın ikinci dövrəsində "PSJ" ilə oyunun "Park-de-Prens" stadionunda keçirilməsi olub. Əvvəlcə birinci turun qarşılaşması (2:2) Parisdəki stadionun ot örtüyünün istidən zərər görməsi səbəbindən "Renn"in meydanına köçürülmüşdü. Bretan təmsilçisi cavab oyununun 23-cü turda mart ayında Parisdə baş tutmasını ədalətsiz hesab edir.
Komandanın baş məşqçisi Frank Ez də narazılığını gizlətməyib: "Bəlkə martda da isti olacaq". O, əlavə şərh verməkdən imtina edib və klubun LFP-nin qərarına öz cavabını verəcəyini bildirib.


