"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze “Baku Sportinq” üzərində qazanılan böyükhesablı qələbəni (7:1) şərh edib.
Offsideplus.az xəbər verir ki, gürcü mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında vurduqları qolların çoxluğundan razı qaldığını bildirib. Lakin o, bu cür matçlarda hesabın önəmli olmadığını vurğulayıb:
"Bol qol vurduğumuz üçün şadıq, amma yoxlama oyunlarında nəticə ikinci dərəcəlidir. Bizim üçün əsas məsələ futbolçuların meydandakı tapşırıqları necə icra etməsidir. Bəzi xətalarımız oldu ki, gələcək məşqlərdə bunların aradan qaldırılmasına çalışacağıq".
Tsxadadze növbəti rəsmi qarşılaşma barədə danışarkən iki oyunçunun yoxluğunu qeyd edib:
"Təəssüflər olsun ki, Xayme Syerra və İbrahima Sanqare cəzalı olduqları üçün "Şamaxı"ya qarşı forma geyinə bilməyəcəklər. Yoxlama görüşlərində qazandığımız uğurlar bizi arxayınlaşdırmamalıdır. Çünki hazırlıq matçları ilə çempionat mübarizəsi tam fərqlidir".


