ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən "Marcet" Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2008-2009-cu il təvəllüdlü 51 futbolçu arasında aparılmış seçimlərin nəticələri məlum olub.

Offsideplus.az xəbər verir ki, seçimlərə əsasən, 15 futbolçu bu ilin sentyabrında Barselonaya yollanaraq 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcəklər. Bunlar Elbrus Kərimov, Nadir Nəsibli, Tuncay Əhmədov, Sinan Mehdiyev, Ariz Kərimov, Əlibaba Fətəliyev, Tunar Rzayev, Sahil Əsgərli, Addis İsmaylov, Muhammed Çodarov, Murad Əliyev, Pünhan Kərimov, Səttar Tahirzadə, Atacan Məmmədov və Kamran İsmayılovdur. Bu futbolçular səfərdən öncəki 2 aya yaxın hazırlıq prosesində ispan dilini də öyrənəcəklər.

Xatırladaq ki, “Marcet” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi futbolçuları sınaqdan keçiriblər. Yeniyetmə idmançıların “Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub. Bundan başqa, 2025-ci ildə Azərbaycanda növbəti seçimlərin aparılması planlaşdırılır. Həmin vaxt “Marcet” Futbol Akademiyasının seleksiyaçıları 2010-2011-ci il təvəllüdlü yeniyetmələrə baxış keçirəcəklər. Həm ASTA, həm də “Marcet” tərəfi bununla bağlı öhdəlik götürüblər.
Rivero Karlos Arias və Ragel Marmol Felipe videomüraciət vasitəsi ilə "Marcet"ə yollanacaq uşaqlara təbriklərini çatdıraraq Azərbaycana təşəkkür ediblər.