Futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın 2024/25 mövsümündə tamaşaçıların sayına görə yeni rekord müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, rekord dünən yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" - "Neftçi" oyununda (1:1) qeydə alınıb.

Masazırda yerləşən "Bank Respublika Arena"da qarşılaşmanı 6600 tamaşaçı izləyib.

Maraqlıdır ki, azarkeşlərin sayına görə ölkə kubokunda ilk "üçlük" "Sabah"la əlaqədardır.

Belə ki, cari mövsümün ikinci ən yüksək göstəricisi 1/8 finalda "Turan Tovuz" - "Sabah" oyununun keçirildiyi Tovuz şəhər stadionunda olub - 3000 tamaşaçı. 

Üç həftə öncə isə "Neftçi" - "Sabah" matçı "Neftçi Arena"ya 2900 azarkeş toplayıb.