“Lester Siti” klubunun kapitanı Ceymi Vardi 2024/25 mövsümünün sonunda komandadan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə “tülkülər” rəsmi məlumat yayıblar.

38 yaşlı hücumçu 2012-ci ildə aşağı liqa təmsilçisi “Flitvud Taun” klubundan “Lester”ə keçmişdi. O, Premyer Liqa tarixində klubun bombardirləri siyahısına başçılıq edir. Ümumilikdə 498 oyunda 198 dəfə fərqlənib.

Vardi 2015/16 mövsümündə Premyer Liqada 24 qol vuraraq komandasının tarixində ilk dəfə çempion olmasında mühüm rol oynamışdı. O, həmçinin 2021-ci ildə “Çelsi”ni 1:0 hesabı ilə məğlub edərək İngiltərə Kubokunu qazanan “Lester”in heyətində də yer almışdı.

“"Lester" azarkeşlərinə demək istəyirəm ki, bu günün gələcəyini bilirdim, amma yenə də çox pis hiss edirəm” – deyə Vardi klubun sosial şəbəkələrində paylaşdığı videoda bildirib.

“Bu klubda 13 inanılmaz il keçirdim. Çoxlu uğurlar yaşadım, bəzi çətin anlar da oldu, amma əksəriyyəti zirvə anları idi. Artıq karyerama son qoymağın vaxtı çatıb. Bu qərardan kədərlənirəm, amma düşünürəm ki, zamanlama düzgündür.”

Qeyd edək ki, Ceymi Vardi 2016-cı ildə “Lester”lə çempionluq qazanan heyətdə qalan yeganə futbolçudur. O, komanda 2023-cü ildə “Çempionşip”ə düşdükdən sonra da klubda qalmış və “Lester”in 2024-cü ildə Premyer Liqaya qayıtmasında mühüm rol oynamışdı.