Şəkidə yerləşən uşaq evlərinin 9-12 yaş arası oğlan və qızlardan ibarət komandaları arasında minifutbol turniri keçirilib.
Offsideplus.az xəbər verir ki, yarışı AFFA və “Regional İnkişaf” İctimai Birliyi UEFA Uşaqlar Fondunun (UEFA Foundation for children) 10 illik yubileyi münasibətilə təşkil edib.
Açılış mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov bildirib ki, belə tədbirlər uşaqların futbola marağını artırmaq və onların fiziki inkişafını dəstəkləmək baxımından mühüm rol oynayır. AFFA-nın Sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva isə bu cür layihələrin uşaqların sosial bacarıqlarının inkişafına, onların bərabər imkanlar mühitində özlərini ifadə etmələrinə və cəmiyyətə daha fəal inteqrasiya olunmalarına mühüm töhfə verdiyini vurğulayıb.
“Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Aqşin Oruclu ictimaiyyət arasında idmana marağın artırılması, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi məqsədilə birliyin həyata keçirdiyi layihələrdən danışıb.
Yarışın sonunda qalib komandalar AFFA və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri tərəfindən mükafatlandırılıblar. Eyni zamanda, turnirdə iştirak edən bütün uşaqlara AFFA tərəfindən idman geyimləri və ləvazimatları hədiyyə olunub.
Qeyd edək ki, turnirin təşkilində əsas məqsəd uşaq evlərində yaşayan uşaqların fiziki və sosial inkişafını dəstəkləmək, onların idmana marağını artırmaq, sağlam həyat tərzini təşviq etmək, komanda ruhunu gücləndirmək və cəmiyyətə inteqrasiyasını stimullaşdırmaqdır.



