AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun Bakıda keçiriləcək AVRO-2020 oyunları ilə bağlı çağırışı Türkiyə mətbuatında tirajlanıb.
Offsideplus.az xəbər verir ki, nüfuzlu "Fotomaç" nəşri və digər mətbu orqanlar Məmmədovun azarkeşlərə səslənərək "Türkiyə millisinin Bakıdakı oyunlarını izləmək üçün bilet almağa tələsin" sözlərini dərc edib.
Qurum rəsmisi paytaxtımızda 4 oyunun keçiriləcəyini, ancaq əsas diqqətlərin Türkiyənin iki matçına yönələcəyini bildirib. O, xüsusən türkiyəli azarkeşlərə səslənib və doğma komandalarını dəstəkləmək üçün vaxtında biletləri almağa çağırıb.
Qeyd edək ki, "ay-ulduzlular" Bakı Olimpiya Stadionunda iyunun 16-da Uels, 4 gün sonra isə İsveçrə millisi ilə qarşılaşacaq. Oyunlara stadionun 50 faiz tutumu həcmində azarkeş buraxılacaq.