Azərbaycan futbolunda növbəti qalmaqal yaşanıb.
Offsideplus.az xəbər verir ki, hadisə aprelin 22-də AFFA U-15 Liqasında keçirilən "Şamaxı" - "Metak" matçında baş verib.
Belə ki, görüşün son dəqiqələrində futbolçular arasında əlbəyaxa dava düşüb. Hadisəyə "Şamaxı"nın rəsmiləri və məşqçiləri də qatılıblar. Onlar davaya girişərək, hakimi təhqir ediblər.
Hətta adı protokolda olmayan, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydançaya daxil olaraq, "Metak"ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurub.
Bütün bunları nəzərə alan AFFA İntizam Komitəsi bu gün sərt qərarlar qəbul edib:
"Şamaxı" U-15-in baş məşqçisi Tərlan İsgəndərov - 5 oyunluq cəza
"Şamaxı"nın rəsmisi Amil Mənsimov - 5 oyunluq cəza
"Şamaxı"nın futbolçusu Hüseyn Hüseynov - 4 oyunluq cəza
"Şamaxı"nın futbolçusu Ömər Qocalı - 4 oyunluq cəza
"Şamaxı"nın futbolçusu Fərid Ağasarılı - 3 oyunluq cəza
"Metak"ın futbolçusu Əli Zamanov - 4 oyunluq cəza
"Metak"ın futbolçusu Vasif Həmidov - 4 oyunluq cəza
"Metak"ın futbolçusu Əli Şıxnəbiyev - 3 oyunluq cəza
"Şamaxı"nın məşqçisi Vüqar Süleymanov - 1 il müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilir, 500 manat cərimə
"Şamaxı" komandası növbəti ev oyununu azarkeşsiz keçirəcək
Onu da əlavə edək ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə nəticələnib.



