Futbol oynadığı dönəmlərdə "Qalatasaray"lı azarkeşlərin könlündə "taxt quran" Georgi Haci, deyəsən, məşqçilik karyerasını davam etdirmək fikrində deyil.
Ya da daha adlı-sanlı liqa və klublardan təklif gözləyir.
Offsideplus.az Emanuel Roşu adlı rumın həmkarımızın "tvitter" səhifəsində paylaşdığı posta əsasən xəbər verir ki, Haci son bir neçə ayda üç təklifi rədd edib. Bunlar adı açıqlanmayan Türkiyə və Rusiya klublarından, eləcədə də Sofiya ÇSKA-sından olub. Lakin imtinanın səbəbləri haqda məlumat verilmir.
Qeyd edək ki, 56 yaşlı mütəxəssisin sonuncu iş yeri vətənində "Vitorul" olub. Buna qədər isə Rumıniya millisinə rəhbərlik edib, "Qalatasaray", "Bursaspor", "Politexnika" və "Styaua"nın "sükanı" arxasında olub.