“Sabah” Basketbol Klubu amerikalı center/power forward Tajuan Agee ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı basketbolçunun boyu 203 sm-dir. Agee komandamıza 2025/26 mövsümünü Fransanın “JL Bourg” klubunda keçirdikdən sonra qoşulub. O, ötən mövsüm “JL Bourg”un heyətində EuroCup çempionluğunu qazanıb.
Peşəkar karyerasına 2020-ci ildə Avropada Bolqarıstanın “Balkan” klubunda başlayan Agee daha sonra İsrailin “Maccabi Ashdod” və Almaniyanın “RASTA Vechta” komandalarında çıxış edib. O, “RASTA Vechta”nın heyətində Almaniya çempionatının yüksək liqasına yüksələn komandanın üzvü olub. 2021/22 mövsümündə basketbolçu Yeni Zelandiyanın “Hawke's Bay Hawks” klubunda da çıxış edib.
2023-cü ildə Fransaya köçən Agee “BCM Gravelines-Dunkerque” klubuna transfer olunub. İki mövsüm bu komandanın formasını geyindikdən sonra 2025-ci ilin noyabrında “JL Bourg”a keçib.
Amerikalı basketbolçunun Avropa klub turnirlərində də təcrübəsi var. 2021-ci ildə “Balkan”ın heyətində FIBA Europe Cup-da orta hesabla 10,4 xal və 6,8 ribaundla çıxış edib. 2024-cü ildə isə “Gravelines-Dunkerque” ilə eyni turnirdə mübarizə aparıb. Həmçinin 2021-ci ildə Basketball Champions League-in təsnifat mərhələsində bir oyunda 19 xal və 7 ribaundla yadda qalıb.
Agee 2025/26 mövsümündə “JL Bourg”un heyətində EuroCup-da keçirdiyi 15 oyunda orta hesabla 6,5 xal və 3,2 ribaund toplayıb.
Fiziki gücü, universallığı və ön xəttdə effektiv mübarizəsi ilə seçilən Tajuan Agee “Sabah”ın heyətinə təcrübə və enerji qatacaq.


