"Hələlik o qədər həyəcanlıyam ki, danışmaq belə çətindir, amma burada həqiqətən möhtəşəm iş gördüyümüzə əminəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri Belçikanın Antverpen şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal qazanan 3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç deyib:
Mütəxəssis yarışla bağlı fikirlərini bölüşüb:
"Xüsusilə də bütün mövsüm ərzində yaşananları nəzərə alsaq - zədələr, komandadakı dəyişikliklər və bir müddət birlikdə ola bilməməyimiz. Dünya Kubokundan başlayaraq, orada da son mərhələlərə qədər irəliləyib medallar uğrunda mübarizə aparmışdıq. Amma düşünürəm ki, bütün çətinliklərin öhdəsindən birlikdə gəldik və bu nəticəyə layiqik".
R.Deliç komanda ilə fəxr etdiyini qeyd edib:
"Mövsüm artıq başa çatdı, indi bir az fasilə var. Uzun və çətin mövsüm oldu, amma bacardıq və mövsümü çox gözəl şəkildə başa vurduq. Gələcəkdə də oyunun ən yüksək səviyyəsində qalmaq və daha çox qızıl medallar uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi üçüncü yer uğrunda görüşdə Sloveniyaya 21:18 hesabı ilə qalib gəlib.


