İspaniya basketbolunun əfsanəsi Po Qazol 2006-cı il Dünya Kubokunun finalını karyerasının ən unudulmaz matçlarından biri adlandırıb.

Offsideplus.az xəbər verir ki, həmin qarşılaşmada İspaniya seçməsi Yunanıstanı 70:47 hesabı ilə darmadağın edərək çempion olub. Yarımfinalda Argentina ilə oyunda (75:74) ayaq sümüyü qırılan Qasol zədə səbəbindən final matçını ehtiyat oyunçular skamyasından izləyib.

Sabiq NBA ulduzu həmin tarixi görüşlə bağlı xatirələrini bölüşüb:

"İspaniya Saitamada zirvəyə yüksəldi. Bu, karyeramın ən qəribə və eyni zamanda ən xüsusi oyunlarından biri idi. Yeriyə bilmirdim, qoltuq ağacına sığınmışdım. Lakin nə baş verirsə versin, skamyada yer almalı idim və komandama hər cür dəstək olmağa çalışırdım. Yoldaşlarımın, məşqçilərimizin fədakarlığı və mənə olan münasibəti məni çox təsirləndirdi. Meydanda bir dəqiqə belə oynamasam da, həmin qarşılaşma ömrümün sonunadək yaddaşıma həkk olunacaq".