Fransa millisinin təcrübəli basketbolçusu Evan Furnye, Viktor Vembanyamanın komandaya qoşulmasının ona əlavə motivasiya verdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Furnye bu barədə "L'Equipe" nəşrinə danışıb. O qeyd edib ki, Vembanyama dünya səviyyəli ulduz olsa da, gündəlik həyatda diqqətini komanda yoldaşlarına yönəldən, uğur qazanmaq istəyən bir insandır. "Onun burada olması, yalan danışmayacağam, davam etməyim üçün motivasiya olub", – deyə Furnye vurğulayıb.
33 yaşlı müdafiəçi bildirib ki, gənc bir oyunçunun nələrsə əldə etmək üçün çalışması onu ruhlandırır: "Sadəcə gəlmək üçün gəlmək istəmirəm". Furnye əlavə edib ki, yeni nəsil artıq komandada əsas rol oynayır və o, öz təcrübəsi ilə hər şeyin qaydasında olmasına kömək edə bilər.
Qeyd edək ki, Fransa millisi FIBA Dünya Kuboku 2027-nin seçmə mərhələsində rahat irəliləyir.


