Fransanın aparıcı basketbol klublarından olan "Monako" növbəti mövsüm ölkənin heç bir peşəkar liqasında çıxış etməyəcək.
Offsideplus.az xəbər verir ki, klubun işinin yenidən araşdırılması üçün etdiyi müraciətə baxmayaraq, Fransa Basketbol Federasiyası bu məsələnin Apellyasiya Palatasına göndərilməsini rədd edib. Yerli mətbuatın məlumatına görə, Fransa Milli Olimpiya və İdman Komitəsi "Bordo" futbol klubunun işində tətbiq olunan presedenti əsas götürüb və yalnız əvvəlki mərhələdə müzakirə olunmayan yeni faktların nəzərə alınacağını bildirib. "Monako"nun təqdim etdiyi yeni maliyyə vəziyyəti və layihə isə bu kateqoriyaya daxil edilməyib.
Nəzəri olaraq, klub inzibati məhkəməyə müraciət edə bilərdi, lakin yayılan məlumata əsasən, "Monako" bu addımı atmayacaq. Nəticədə, komanda artıq faktiki olaraq Fransa peşəkar liqalarından kənarlaşdırılıb. Bununla əlaqədar, yaxın günlərdə aşağı liqaya düşən "Sen-Kenten" yenidən "Betklik Elit"də çıxış edəcək, "Fos-sur-Mer" isə ikinci liqaya qayıdacaq. "Monako"nun isə üçüncü diviziona – yarıpeşəkar liqaya və ya hətta həvəskar səviyyəyə düşməsi mümkündür.


