PFL-in yüngül çəki üzrə çempionu Usman Nurmaqomedov qardaşı Umar Nurmaqomedova dəstək olub. Xatırladaq ki, Umar UFC-nin Şanxaydakı turnirində Sun Yadonga nokautla uduzub.

Offsideplus.az xəbər verir ki, Usman Nurmaqomedov sosial şəbəkədə bu barədə fikirlərini bölüşüb: "Bizə yalnız yazılan baş verəcək. Hər vəziyyətdə Allaha şükür. İnsanlar bu hadisədən böyük faciə düzəldirlər, bir az sakitləşmək lazımdır. Dünyada baş verənlərə baxın, daha pis şeylər var. Rəqibini guya vurmaq istəməyim barədə deyilənlərə gəlincə, əgər istəsəydim, vurardım. Pis və paxıl insanlar heç vaxt ailə sevgisinin nə olduğunu anlamayıblar və anlamayacaqlar. Qardaşın qardaş üçün nə demək olduğunu bilmirsinizsə, acınacaq vəziyyətdəsiniz".

Qeyd edək ki, döyüşdən sonra Sun Yadun oktaqonda qaçarkən Usman Nurmaqomedovla toqquşub. Usman onu sinəsindən itələyib, Yadun isə buna məhəl qoymadan yoluna davam edib. Usman isə arxasınca ona bəkfist zərbəsi endirməyə cəhd göstərib.