Draymond Qrin NBA rəhbərliyindən arenalar və infrastruktur üçün daha dəqiq standartların müəyyənləşdirilməsini istəyib. O, oyunçuların sağlamlığının qorunması üçün bu məsələnin vacibliyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Qrin bərpa və hazırlıq prosesinin ayrılmaz hissəsi olan hidromassaj vannası və ya sauna kimi imkanların hər arenada və oteldə olmasının zəruriliyini qeyd edib. "Biz yüksək səviyyəli idmançıyıq. Bədənimizi oyuna hazırlamaq üçün xüsusi prosedurlara ehtiyacımız var. Səfərdə artıq qidalanma, yuxu, məkan və vərdişlər pozulur. Mən hər gün bədənimə kömək etmək üçün hidromassaj vannasından istifadə edirəm. Bu, çox vacibdir. Heç olmasa sauna olmalıdır. Lakin Memfisdə nə oteldə, nə də arenada bunlar yoxdur. Heç cür hazırlaşmaq olmur. Bəzi meydançalarda köhnə oturacaqlar var. Onlar çox alçaqdır və budlar üçün zərərlidir. Oturanda əzələlər gərgin vəziyyətdə qalır. Bu, təhlükəsizliyə və sağlamlığa təsir edir. Yeni oturacaqlara ehtiyac var və onlar standart hündürlükdə olmalıdır. Söhbət ən yaxşı məhsuldan, oyunçuların çıxışa hazır olmasından gedir. Paltardəyişmə otaqlarında isti və soyuq vannaların olmaması üçün heç bir səbəb yoxdur. Bu, bərpa prosesidir. Amma heç nə edilmir. Niyə belədir?" – deyə Qrin sual edib.