Misli Premyer Liqasının 2-ci turunda "İmişli"ni 3:1 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşmanı şərh edərək komandasının əzmkarlığını yüksək qiymətləndirib:

"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq. Xüsusilə ikinci hissədə çox sürətli futbol izlədik. Bu gün qələbə qazanmaq bizim üçün son dərəcə vacib idi. Oyunun ssenarisi daha çox "Payde"nin oyun üslubuna bənzəyirdi. 1:0 öndə olarkən qol epizodlarını boşa verdik, hesab 2:1 olarkən də yenə fürsətlərdən istifadə edə bilmədik. Mənim üçün əsas məsələ futbolçuların bu vəziyyətə düzgün reaksiya vermələri idi. Onlar sona qədər inandılar, əzmkarlıq göstərdilər və meydanda soyuqqanlılıqlarını qorudular. Hücum etməyə davam etdilər və sonda vurduğumuz qol çox önəmli idi. Məsələ hesabın 2:1 və ya 3:1 olmasında deyil. Düzü, hesab 2:1 olarkən komandanın müdafiəyə çəkiləcəyini düşündüm. Lakin həmin dəqiqələrdə arxaya yatmayıb hücumu davam etdirmək və uğuru rəqib qapısında axtarmaq vacib idi. Futbolçular bunu bacardılar və şükürlər olsun ki, bizim üçün çox vacib olan 3 xalı qazandıq".

Çalışdırıcı heyətdəki rotasiyalar və transfer planları barədə də danışıb:

"Cinah müdafiəçisi mövqeyindəki rotasiya mövsümöncəsi cızdığımız plan idi. Keçən il sağ cinahda yalnız Qismət Alıyev var idi və o zədələnəndə ciddi problemlərlə üzləşirdik. Eyni şəkildə İssa da cinahda tək idi. Amma bu il əlimizdə 3 cinah müdafiəçisi var. Qismətin ehtiyatda qalması kiminsə kimdənsə üstün olması ilə bağlı deyil, sadəcə bu oyun üçün belə plan qurmuşduq.

Ümumiyyətlə, mövsüm uzundur və heyətimiz hələ də dardır. Transfer seleksiyamız davam edir, mütləq heyətimizi genişləndirməliyik. Hətta şifahi razılıq əldə etdiyimiz futbolçu da var. Ümumilikdə 5-6 oyunçu ilə danışıq aparırıq. Planımızda 4-5 transfer var, amma alınıb-alınmayacağını zaman göstərəcək. Namizədlərin heç biri yerli çempionatdan deyil".