Misli Premyer Liqasının 9-cu turu başa çatdı. 5 oyunda qarşılıqlı qollar vuruldu, qələbələr minimal hesabla qazanıldı.
Tura Şamaxıda start verildi. "Araz-Naxçıvan" "Qəbələ"ni nominal ev sahibi kimi qəbul edirdi. Autsayderlərin görüşündə Muxtar Respublika təmsilçisi hesabda geri düşsə də, nəticədə ilk hissədə bunu bərabərləşdirə bildi. Lakin ikinci yarının əvvəlində də qol buraxan komanda oyundan məğlub ayrıldı. "Qəbələ" 7-ci xalını qazandı, "Qəbələ" isə "Şəfa"ya şükür edir ki, 12 yox, 11-cidir.
Günün ikinci oyununu turun ən maraqlı qarşılaşması adlandıra bilərik. Zirə İdman Kompleksində baş tutan görüşdə qəsəbənin eyniadlı təmsilçisi "Sumqayıt"ı sınağa çəkirdi. 5 qolun vurulduğu görüşdə Rəşad Sadıqovun komandası 3 xal qazandı. Ev sahibləri iki erkən qol vursalar da, ilk hissənin sonlarında bir, ikinci hissənin əvvəlində isə iki qol buraxdı. Lakin bu qollardan biri sayılmadı. Sonra edilən dəyişikliklər sayəsində komanda çətinliklə də olsa, aktivinə 3 xalı yazdıra bildi. Maraqlı fakt kimi qeyd edək ki, "kimyaçılar" artıq 6 ildir ki, "qartallar"ın müqavimətini qıra bilmir.
Azər Məmmədovun "Kəpəz"i bu dəfə "Şəfa"nı məğlub etdi. Gəncə təmsilçisi əzmkarlıq hesabına 4-cü qələbəsini qazanaraq turnir cədvəlində 6-cı pilləyə yüksəldi. "Şəfa" isə ardıcıl ikinci oyundur ki, hesabda üstün olduğu oyundan heç bir xalla da ayrıla bilmir. Komandada qələbə ruhu yoxdur, bundan sonra olması da çətin görünür.
"Neftçi" "Turan Tovuz"la qarşılaşdı. Çempion olmaq istəyən "ağ-qaralar" üç oyundur ki, qələbə qazana bilmir. Bu qarşılaşmanın böyük hissəsində kollektiv azlıqda qalsa da, qırmızı vərəqəyə qədər də üstün oynayan tərəf məhz Qərb təmsilçisi idi. İqor Ribeyro üçüncü dəfədir ki, "Turan Tovuz"a qarşı oyunda qırmızı vərəqə alır. "İmişli"yə məğlubiyyətdən sonra "Neftçi"dən 1 xal almağı qazanc kimi hesab etmək olar, amma bunu da nəzərə alaq ki, rəqib 60 dəqiqədən çox azlıqda oynayıb.
Turun mərkəzi qarşılaşması Mərdəkanda keçirildi. Keçmiş "Dalğa Arena", indiki "Sabah Arena"da "Sabah" "Qarabağ"la qarşılaşdı. İlk hissə "bayquşlar"ın, ikinci yarı isə "kəhər atlar"ın üstünlüyü şəraitində keçdi. Azarkeşlər oyuna böyük rəng qatdı. 5180 tamaşaçı oyunu canlı olaraq izlədi. Meydança da ideal durumda idi. Bəlkə də mövsümün ilk dueli olduğundan tərəflər çox risk etmədi, lakin yenə də maraqlı oyun oldu. Ən azı atmosfer kifayət idi. Canni İnfantino, Arsen Venger kimi futbol dünyasının tanınmış şəxsləri də bu qarşılaşmanı canlı olaraq izləyirdi. Bu oyunla da "Qarabağ"ın "Sabah" üzərində qələbəsizlik seriyası 10-a çatdı.


