U-15 millimiz U-15 Dünya Çempionatında 4-cü oyunda 3-cü qələbəsini qazandı. Yığmamız bu dəfə İsraili 3:1 hesabı ilə məğlub etdi. 

Oyundan sonra keçirilən brifinqdə komandanın baş məşqçisi Famil Xəlilov fikirlərini Offsideplus.az-la bölüşüb: 

- Oyunla bağlı fikirlərinizi bildirə bilərsiz? 

- Komandamız layiqli qələbə qazandı. Dünənki məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşdılar və geridönüş edə bildilər. Uşaqlar təzyiqdən çıxa bildilər. Bizi sevindirən amillərdən biri də budur. 

- Komandanızın potensialını necə dəyərləndirirsiniz? 

- Hazırkı vəziyyətdə qrupu böyük ehtimalla Avstraliya komandası lider kimi başa vuracaq. Bizim də, Haiti komandasının da 9 xalı var. İkincilik uğrunda mübarizə aparırıq. Bu baxımdan axşamkı oyunun əhəmiyyəti böyükdür. İstənilən heç-heçə və ya qələbə nəticəsində qrupu ikinci pillədə başa vuracağıq - buna fokuslanmışıq. B qrupunun tərkibi bəlli olduqdan sonra həmin qrupda mübarizəmizi davam etdirəcəyik. Orada da 5 oyunumuz olacaq. 

- İlk hissə başa çatanda əsas oyunçuları meydandan aldız. Bu onları qorumaq üçün idi, yoxsa digər oyunçulara da şans vermək istəyirdiniz? 

- Hər ikisini demək olar. Həm axşamkı oyun üçün balanslı hərəkət etməyi fikirləşirdik, həm də digər uşaqlara eyni oyun vaxtı vermək istəyirik. 

- Hesab 3:0 olmasa da, bu addımı atacaqdız? 

- Əlbəttə ki, biz əvvəlcə futbolçuların inkişafını düşünürük. Yanımızda olan 14 futbolçunun hamısının inkişaf etməsini istəyirik. Çalışırıq ki, bizimlə olduqları müddətdə bərabər oyun şansı qazansınlar. 

- Yığmamızın şansın necə dəyərləndirirsiniz? 

-Şanslarımızı axşamkı oyundan sonra daha dəqiq müəyyənləşdirmək olar. Çünki hansı qrupa düşəcəyimiz çox önəmlidir. Düşünürəm ki, biz bu qrupu ikinci pillədə başa vuracağıq. Buna ümid edirəm. İkinciliklə başa vuran komandaları da təhlil etdikdən sonra növbəti mərhələ ilə bağlı fikirləşmək olar. Əsas hədəfimiz axşamkı oyuna köklənməkdir. 

- Çempionatın favoriti var? 

- Mən deməzdim ki, konkret favorit var. Çünki sürpriz komandaların da çempion olmaq ehtimalı var.