Almaniyalı basketbol əfsanəsi Dirk Novitski uzun illər baş məşqçisi olmuş Don Nelsonun vəfatı ilə bağlı emosional paylaşım edib.
Offsideplus.az xəbər verir ki, Novitski "Dallas Maveriks"dəki karyerasının formalaşmasında Nelsonun rolunu xüsusi vurğulayıb. O bildirib: "Nellie… Sən məni sadəcə dreft etmədin, mənə inandın. Oyunumda mənim özümün belə görə bilmədiyim xüsusiyyətləri kəşf etdin. Dəfələrlə demişəm, yenə deyirəm: Sən ilk məşqçim olmasaydın və mənə öz oyunumu sərbəst oynamağa imkan verməsəydin, karyeram bu cür alınmazdı. Yalnız təşəkkür edə bilərəm. Hər şey üçün. Hüzur içində yat, əfsanə."
Novitski NBA-dəki debüt mövsümündə 8,2 xal ortalaması ilə çıxış edib. Nelson ona meydançada tam sərbəstlik verib və gənc oyunçunun inkişafına şərait yaradıb. Növbəti mövsümdə Novitskinin orta xalı 17,5-ə, üçüncü ildə isə 21,8-ə yüksəlib və "Dallas Maveriks" pley-offa qayıdıb.
Dirk Novitski bütün 21 mövsümünü "Dallas Maveriks"də keçirib, 2007-ci ildə NBA-nın ən dəyərli oyunçusu seçilib və 2011-ci ildə komandasını tarixində ilk dəfə çempionluğa aparıb. Onun 41 nömrəli forması klub tərəfindən əbədiləşdirilib, 2023-cü ildə isə Novitski Basketbol Şöhrət Zalına daxil edilib.


