Kayla Makbrayd qadınlar arasında ABŞ basketbol liqasında möhtəşəm çıxışla yadda qalıb. "Minnesota Lynks"in müdafiəçisi "Dallas Uings"ə qarşı oyunda 43 xal toplayaraq karyerasının ən məhsuldar matçını keçirib və WNBA tarixində yeni rekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, Makbrayd 32 dəqiqə meydançada qalıb və 14 üçxallıq atışdan 10-nu dəqiq yerinə yetirib. Bu göstərici liqa tarixində ən yüksək nəticədir. Əvvəlki rekord 9 üçlük idi və altı fərqli oyunçuya məxsus idi. Makbrayd ümumilikdə 21 atışdan 16-sını dəqiq yerinə yetirib, həmçinin 1 ribaund, 1 assist və 1 top oğurlama ilə yadda qalıb. "Minnesota Lynks" 103:90 hesabı ilə qalib gələrək pley-offa vəsiqəni ilk təmin edən komanda olub.