Almaniyanın Münhen şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək "Neftçi" və "Gəncə" klublarının rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Neftçi" mübarizəyə təsnifat mərhələsindən başlayır.

Təsnifat mərhələsində çıxış edəcək "Neftçi" Estoniyanın "Parnu" klubu ilə qarşılaşacaq. Təmsilçimiz bu səddi adlayacağı təqdirdə H qrupuna vəsiqə qazanacaq. Həmin qrupda komandamızın potensial rəqibləri Bolqarıstanın "Lokomotiv Plovdiv", Rumıniyanın "CSM CSU Raiffeisen Oradea", İsveçrənin "Fribourg Olympic Basket", Latviyanın "VEF Riga" və Yunanıstanın "Mykonos BC" komandalarıdır.

Püşkatmada "Neftçi" İdman Klubunu icraçı direktor Fərəc Əliyev və departament rəisi Emil Kərimov təmsil ediblər. Onlar tədbir çərçivəsində FIBA-nın Avropa üzrə icraçı direktoru Kamil Novak və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.

Yarışda birbaşa qrup mərhələsində mübarizə aparacaq "Gəncə" basketbol komandası isə C qrupunda yer alıb. Təmsilçimizin qrupdakı rəqibləri bunlardır:

"Gəncə" (Azərbaycan)

"Universitatya Krayova" (Rumıniya)

"Sportinq" (Portuqaliya)

"Rilski Sportist" (Bolqarıstan)*

"Kolossos" (Yunanıstan)*

"Esenler Erokspor" (Türkiyə)

Qeyd: "Rilski Sportist" və "Kolossos" klubları Çempionlar Liqasında mübarizəni dayandıracaqları təqdirdə bu qrupda çıxış edəcəklər.