Azərbaycan milli komandasının sabiq kapitanı, AZAL, "Neftçi", "Kəpəz" klublarının keçmiş baş məşqçisi, veteran futbolçu Tərlan Əhmədovun Offsideplus.az saytına müsahibəsi
- Sabah Azərbaycan Kuboku uğrunda yarımfinal görüşləri keçiriləcək. Bu mərhələnin oyunlarından nə gözləyirsiniz?
- Kubok oyunları çempionat görüşlərindən fəqlənir. Burada motivasiya, yanşma fərqli olur. Kubokda hər mərhələ iki oyundan ibarətdir. Hamı bilir ki, uduzan çıxır. Bəzən birinci oyunda bir, cavab görüşündə isə fərqli taktika ilə meydançaya çıxmaq mümkündür. Bu baxımdan kubok oyunları gərinliyi ilə yadda qalır.
- Sizcə, "Qarabağ" - "Araz-Naxçıvan" cütündən hansı komanda finala çıxacaq?
- "Qarabağ"ı "Araz-Naxçıvan"la oyunda favorit göstərmək olar. Ancaq nəzərə alsaq ki, kubokda tez-tez gözlənilməz nəticələr qeydə alınır, deməli, "Araz-Naxçıvan" sürpriz edə bilər. Düzdür, "Araz-Naxçıvan" qeyri-sabit oyun göstərir. Komandanı 2 futbolçu - Ramon Maçado və Felipe Santos çiyinlərində daşıyırdı. Maçado zədə ucbatından heyətdən kənar qalmışdı. İndi meydançaya çıxsa belə, bəlkə də əvvəlki formasında olmaz. Santos isə cəza səbəbindən Premyer Liqanın son oyunlarını buraxıb. Ümumiyyətlə, "Araz-Naxçıvan" çempionatda 28 turda 28 qol vurub. Hər oyuna 1 qol. Hücum xəttində problem var. Kifayət qədər aqressiv deyillər. Komanda əks-hücum taktikası seçib. Ona görə vurulan qolların sayı azdır. Müdafiə isə daha etibarlıdır. "Qarabağ" və "Zirə"dən sonra çempionatda ən az qol buraxıblar - 23 top. Kimlərsə mənim fikrimlə razılaşmaya bilərlər, amma bu, mənim şəxsi fikrimdir, apardığım analizlərin nəticələridir. "Qarabağ"ın "qol silahları" çoxdur. Ağdam klubunun oturuşmuş heyəti var, daima axtarışdadır, müxtəlif variantlarla qol vurur. Böyük təcrübəyə malikdir. Kubok yarşlarında xeyli uğur qazanb. Hətta dəfələrlə "qızıl dubl" edib. Hər halda, bizi maraqlı mübarizə gözləyir. Şansları bərabər sayıram.
- Ancaq "Araz-Naxçıvan" sabit oyun göstərə bilmir, çempionatda 8 turdur qələbə qazana bilmir...
- Bəli, "Araz-Naxçıvan"ın qeyri-sabit çıxışı kubokda da özünü biruzə verə bilər. Bu komandanın Premyer Liqada ikinci yeri tutmaq üçün yaxşı şansı var idi. Qış fasiləsindən sonra problemlər yaşandı, şans əldən getdi. Vurulan və buraxılan qolların fərqinə baxanda da görürük ki, komanda arzulanan səviyyəyə gəlib çatmayıb, hələ tam öz oyununu tapmayıb, komplektəşməyib. Ola bilsin ki, kubokda da hansısa uğrsuzluq yaşansın. Yenə deyirəm, kubokda sürprizlərə çox rast gəlinir. "Qarabağ" Premyer Liqada ən yaxın izləyicisini 12 xal qabaqlayır, 2 turdan sonra çempionluğu rəsmiləşdirə bilər. Buna görə də kubok oyunlarına rahat hazırlaşıb. "Araz-Naxçıvan" isə qeyri-sabitliyə görə sıxıntı yaşayır.
- "Neftçi" - "Sabah" cütü barədə nə düşünürsnüz?
- Həm "Neftçi", həm də "Sabah"ın müdafiə xətti acınacaqlıdır. Kobud səhvlər buraxırlar. Bu komandaların optimal heyəti qura bilmədiklərini, komanda şəklində tam müdafiə olunmağı bacarmadıqlarını dəfələrlə görmüşük. Bəzən hesabda önə keçdikləri oyunlarda bərabərliyə razılaşır, hətta qalib gələrkən, məğlubiyyətlə üzləşirlər. Turnir cədvəlinə baxdıqda da hər iki komandanın həddindən artıq çox qol buraxdıqları görünür. Məsələn, "Sabah" 39 qol vurub, 37-sini buraxıb. Bu göstərici istər-istəməz sual doğurur. "Neftçi"nin buraxdığı qolların sayı vurduqlarından 10 qol çoxdur. "Neftçi"nin həm hücum, həm də müdafiə xəttində problem mövcuddur. Xüsusilə arxa xəttdəki səhvlər qabarıq şəkildə görünür. Premyer Liqada "Araz-Naxçıvan"la son oyuna baxırdım. Təsəvvür edin ki, "Araz-Naxçıvan" hücuma 3 futbolçu ilə çıxır, "Neftçi" 8 oyunçu ilə müdafiə olunur, lakin cinahdan göndərilən topu cərimə meydançasından heç kim uzaqlaşdıra bilmir. Yaxud "Sabah"ın son turda "Sumqayıt"dan 3 qol buraxması. "Sabah" ön xəttdə daha maraqlı oyun göstərsə də, baş məşqçi Vasili Berezutski hələ də müdafiədəki problemlərin həllini tapmayıb. Fərdi səhvlər buraxılır, eyni nöqsanlardan qollar buraxılır.Ötən il Konfrans Liqasında mübarizə aparmış Bakı təmsilçisi heç də xoş günlərini yaşamır.
- Sizcə, Azərbaycan Kubokunun qalibi hansı komanda olacaq?
- Düşünürəm ki, "Neftçi" - "Sabah" cütünün qalbi həm də kuboku qazanacaq. Bu cütdən finala yüksələn komanda yüksək motivasyaya malik olacaq və həlledici görüşdə rəqibini məğlub edəcək. Çünki "Neftçi" və "Sabah"ın Premyer Liqada mükafatçılar sırasına düşəcəyi inandırıcı görünmür. Avrokuboklara yeganə vəsiqəni kubok vasitəsilə qazanmaq mümkündür. Ümumiyyətlə, kubok oyunlarında az nöqsana yol verən, yaradılacaq qol epziodlarını reallaşdıran, düzgün taktiki sxem seçən, qarşıya qoyulan məqsədə çatmaq üçün hər hansısa ev tapşırığı, sürpriz hazırlayan tərəf qalib olacaq.