Bu gün AÇ-2024-ün pley-off mərhələsinə yekun vurulacaq. Rumıniya Niderland, Avstriya Türkiyə millisi ilə üz-üzə gələcək. Təbii ki, bizim üçün maraqlı olan qarşılaşma saat 23:00-da start götürəcək.
Görüşün favoriti Avstriya sayılsa da, "ay-ulduzlular"ın da növbəti mərhələyə keçəcəyini düşünənlər az deyil. Görəsən, qarşılaşmada kim qalib gələcək? İdman jurnalisti Rasim Mövsümzadə məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Avstriya 2008 və ya 2016-cı ilin Avropa Çempionatında Türkiyə millisinə rəqib olsa idi, "ay-ulduzlular"ı cütün favoriti saymaq olardı. Hazırda isə vəziyyət fərqlidir. İndiki Avstriya 1978-ci ilin komandası kimi yüksək yerlərə layiqdir. Onların sərgilədiyi oyun bunu deməyə əsas verir. Türkiyənin işi asan olmayacaq. Avstriyanın gücünü 2023-cü ilin martında Azərbaycana qarşı oyunda görmüşdük. Rəqib 4:1 hesabı ilə qələbə qazanmışdı. Bu ilin martında isə Türkiyə sözügedən komandaya 1:6 hesabı ilə məğlub olmuşdu. Ona görə də bu gün şansları 60/40-a Avstriyanın xeyirinə qiymətləndirmək olar".
Mövsümzadə Hakan Çalhanoğlunun yoxluğunda Türkiyənin işinin çətin olacağını qeyd etdi:
"Qardaş ölkə 1/8 finala yüksəklən komandalar arasında ortalama yaş statistikasına görə ən gənc millidir. Üstəlik komandanın kapitanı Hakan Çalhanoğlunun cəzalı olması "ay-ulduzlular"ın işinə mənfi təsir göstərəcək. İrfan Can Kahveci isə meydana çıxarsa, kollektivin oyununa rəng qata bilər. Digər futbolçulara gəlincə, müdafiədə tez-tez səhvlərlə yadda qalan, son illər inamsızlığı ilə diqqət çəkən, hələ 25 yaşında pul qazanmaq üçün Səudiyyə Ərəbistanına üz tutan Merih Demiralın oynamaması, ötürmə verməkdə xəsislik edən, sanki Arda Güleri qısqanaraq özünün önə çıxmasına çalışan 19 yaşlı Kenan Yıldızın start heyətində deyil, sonradan meydana çıxması daha faydalı olardı".
Xatırladaq ki, qarşılaşma bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.