Əfsanəvi italyan məşqçi Fabio Kapello "Yuventus"un və Türkiyə milli komandasının gənc ulduzu Kenan Yıldız haqqında çox səxavətli təriflər səsləndirib.

Offsideplus.az xəbər verir ki, münsiflər heyətinin sədri qismində qatıldığı mükafatlandırma mərasimində mükafatı gənc futbolçuya təqdim edən Kapello onun yaradıcılığını xüsusi vurğulayıb.

Kapellonun mərasimdəki açıqlamaları futbol ictimaiyyətində geniş əks-səda doğurub:

"O, heç kəsin ağlına belə gətirə bilməyəcəyi hərəkətlər edir. Onun təxəyyülü var və bunu başqaları ilə də bölüşür. O, İtaliyanın Lamin Yamalıdır."

Kapello Kenanın yaşının gənc olmasına baxmayaraq oyuna qatdığı vizual və praktiki estetikadan danışaraq, "Yuventus"un və futbol dünyasının onun meydandakı varlığı üçün darıxdığını qeyd edib.

Hazırda ayağındakı daraq sümüyü zədəsindən sağalan gənc futbolçu mərasimdəki çıxışında komandasını çox özlədiyini və dekabr ayında yaşıl meydanlara qayıtmağı hədəflədiyini bildirib.