Bu gün "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Rapid"lə cavab oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, ilk oyunda 2:1 hesabıyla qalib gələn "ağ-qaralar"ın mərhələ adlamaq şansını Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov dəyərləndirib. 

"İlk olaraq, "Neftçi" komandasına bugünkü oyunda uğurlar arzu edirəm. Hamımız istəyirik ki, "Neftçi" mərhələni keçsin. Oyuna gəlincə, "Neftçi" Bakıdakı qarşılaşmaya bir az ehtiyatlı başladı. Amma sonradan bəlli oldu ki, "Rapid" komandasına qarşı oynamaq mümkündür, hətta qalib gəlmək də olar. Düzdür, "Rapid"in adı gələndə çəkinirdik, güclü komanda olduğunu fikirləşirdik. Lakin bu dəqiqə hər bir komandaya qarşı oynayıb qalib gəlmək mümkündür".

"Neftçi"nin ilk matçın son saniyələrində qol buraxmasından söz açan Hüseynov, "ağ-qaralar"ın cavab qarşılaşmasında əks-hücumlardan maksimum yararlanmalı olduğunu dilə gətirib:

"Əfsuslar olsun ki, ilk oyunda 2:0 hesabıyla öndə olduğumuz halda axırıncı saniyələrdə qol buraxdıq. Açığı, bu, bir az məni narahat etdi. 2:0 hesabıyla Avstriyaya yollansaydıq, məncə, oyunun taleyi "Neftçi"nin xeyrinə olardı. 95-ci dəqiqədə buraxılan qol "ağ-qaralar"a pis təsir edə bilər. "Rapid" zəif komanda deyil, öz meydançalarında oynayacaqlar. Onlar da qalib gəlmək üçün irəli atılacaq. Buna görə də "Neftçi" maksimum dərəcədə əks-hücumlardan istifadə etməlidir. Buna imkanı da çatır, əks-hücuma çıxa biləcək futbolçuları da var. Rəqib hücuma keçəndə, müdafiədə yaranan boşluqlardan yararlanmaq lazımdır. Ümumiyyətlə, "Neftçi"nin 60% mərhələ adlamaq şansı var".

Qeyd edək ki, "Rapid" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

 Günay Xəlil