UFC-nin (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilk dəfə Azərbaycanda yarış təşkil etməsi ideyası sual altına düşüb.

Offsideplus.az buna səbəb turnirin təşkilati məsələləri ilə bağlı hələ də heç bir rəsmi prosedurun həyata keçirilməməsidir. 

Gəlin, hadisələrin gedişini ardıcıllıqla analiz edək.

BAYRAM BAYRAMA QARIŞDI

UFC-nin tarixdə ilk dəfə Bakıya təşkilatçılıq hüququna verməsinə dair ilk xəbər bu il martın 20-dən 21-nə keçən gecə yayıldı. Bayram gecəsini şad-xürrəm qeyd edən qarışıq döyüş növlərinin azarkeşləri gözlərinə inana bilmədilər. UFC rəhbərliyi onlara sanki bayram hədiyyəsi etmişdi: Fight Night 259, 21 iyun, "Baku Crystal Hall".

Beləliklə, Bakı yarışı UFC-nin təqviminə düşdü. Turnirə aid wikipedia-da səhifə yaradıldı. Hətta 21 iyunda baş tutacaq döyüşlərdən 3-nün məlum olduğu bildirildi. Oktaqona çıxacaq həmin idmançıların adları açıqlandı.

Daha sonra yaşananlar isə bir qədər qəribə təəssürat yaradır. Fight Night 259-lə bağlı məlumat təqvimdən yoxa çıxır. Bakı yarışı arxa plana keçir. Bu ilin iyulunda, hətta sentyabrda UFC-nin keçirəcəyi turnirlərə dair qurumun rəsmi saytında məlumat tapmaq mümkündür. 21 iyun tarixi isə qeybə çəkilib.

Nə baş verir? Yarış Bakıda keçiriləcək, ya yox? Doğrudanmı, paytaxtımız bu nüfuzlu turnirə ev sahibliyi etməyəcək? Azarkeşlər Rafael Fiziyev, Nazim Sadıxov ünlü azərbaycanlı döyüşçüləri doğma şəhərimizdə görə biləcəklərmi?

NAZİRLİK NƏ DEYİR?

Qaydalara əsasən, istənilən beynəlxalq təşkilat Azərbaycanda yarış təşkil etmək üçün ilk növbədə Gənclər və İdman Nazirliyinə müraciət ünvanlamalıdır.

Fight Night 259-la bağlı nazirliyə UFC-dən müraciət daxil olubmu?

Bu sualla Offsideplus.az saytı Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Qabil Mehdiyevə müraciət edib. Qarşı tərəf xəbəri nə təsdiq, nə də təkzib edib.

FEDERASİYADAN DA TƏSDİQ YOXDUR

Oxşar açıqlamanı Azərbaycanın MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov da verib. O, yarışla bağlı heç bir rəsmi müraciət almadıqlarını söyləyib: "İnanın ki, mənə saysız-hesabsız zənglər, bildirişlər gəlir. Hamı UFC-nin yarışı haqqında soruşur. Lakin bu məsələdə ilk rəsmi müraciət Gənclər və İdman Nazirliyinə olunmalıdır. Yalnız nazirliyin razılığından sonra Bakıda bu turniri təşkil etmək mümkündür. UFC-dən birbaşa bizim federasiyamıza müraciət edən olmayıb".

Belə... Qeyri-müəyyənlik davam edir...

Ümid qalır UFC-nin prezidenti Dana Uaytın rəsmi mövqeyinə. Bütün həqiqətləri o bilir...