AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum rəsmisi FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib.

O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.

Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.

Xatırladaq ki, Elxan Məmmədov 15 il - 2007-ci ildən 2022-ci ilədək AFFA-nın baş katibi olub.