Azərbaycanın U-20 millisinə portuqaliyalı baş məşqçi təyin olunub
Offsideplus.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin fevralın 19-da keçirilən toplantısında U-20 milli komandamızın yeni baş məşqçisi müəyyənləşib.
Hüquqi prosedurların yekunlaşması ilə portuqaliyalı mütəxəssis Ruy Jorje sükan arxasına keçib.
Azərbaycan U-20 yığması 2027-ci ildə ölkəmizin və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA Dünya Çempionatında çıxış edəcək.
Yaxın günlərdə AFFA rəhbərliyinin iştirakı ilə yeni baş məşqçinin mətbuat konfransı keçiriləcək.
Ruy Jorjenin zəngin məşqçilik təcrübəsi diqqət çəkir. O, "Belenenseş"in aşağı yaş qruplarında və əsas komandasında başladığı karyerasını 2010-cu ildən etibarən Portuqaliyanın U-21 yığmasında davam etdirib. 15 il bu komandaya rəhbərlik edən mütəxəssis 5 dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb, 2015 və 2021-ci illərdə isə qitə birinciliyinin gümüş medallarına yiyələnib. Jorje, həmçinin Olimpiya millisinə rəhbərlik etdiyi dövrdə də uğurlu nəticələri ilə yadda qalıb.


