Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Liqasının gələcəyi və nizam-intizam qaydaları ilə bağlı kəskin açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz artıq danışmaq vaxtının çatdığını bildirərək həm öz rolunu vurğulayıb, həm də liqa rəhbərliyinə çağırış edib.
Ronaldo liqanın hazırkı populyarlığında əsas pay sahibi olduğunu qeyd edib.
Səudiyyə Ərəbistanına gələn ilk ulduz futbolçu olduğunu xatırladan Ronaldo digər oyunçuların məhz onun sayəsində bu ölkəni seçdiyini bildirib. O, hər kəsi liqaya, layihəyə və hakimlərə hörmət etməyə çağırıb.
Hakimlərin də insan olduğunu və səhv edə biləcəyini vurğulayan hücumçu bu vəziyyətin anlayışla qarşılanmalı olduğunu deyib.
Liqanın inkişafının dayanmaması üçün Ronaldo rəhbərlikdən ciddi addımlar gözləyir. O, Səudiyyə Ərəbistanı Liqa rəhbərliyinin bir araya gələrək radikal qaydalar tətbiq etməli olduğunu bildirib.
Ulduz futbolçu xəbərdarlıq edib ki, lazımi addımlar atılmasa, liqa yaxın illərdə böyüyə bilməyəcək. Kriştiano Ronaldo mövsümün sonunda daha ətraflı məlumat verəcəyini diqqətə çatdırıb.


