Qarşıdan gələn qış transfer pəncərəsi öncəsi Avropa nəhənglərində heyət dəyişiklikləri ilə bağlı xəbərlər səngimir.
Offsideplus.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, "Barselona"nın gənc sol cinah müdafiəçisi Alexandro Balde Londonun "Çelsi" klubuna təklif edilib.
Hazırda müdafiə xəttini gücləndirmək üçün variantları nəzərdən keçirən "Çelsi" rəhbərliyi futbolçunun transfer məsələsini qiymətləndirir. Kataloniya təmsilçisinin maliyyə durumunu sabitləşdirmək məqsədilə münasib təklif gələcəyi təqdirdə oyunçunun satışına imkan tanıyacağı istisna olunmur.
Digər tərəfdən, APL-in digər nəhəngləri də gənc müdafiəçinin vəziyyətini yaxından izləyirlər. İspaniya millisində də çıxış edən Baldenin transfer bazarındakı qiymətinin təxminən 40 milyon avro civarında olduğu bildirilir. London klubu yaxın həftələrdə bu keçidlə bağlı yekun qərarını verməlidir.



