Baş məşqçi Sesk Fabreqas müasir futboldakı həddindən artıq yüklənmələr, artan təzyiqlər və oyunçuların, eləcə də məşqçilərin üzləşdiyi çətinliklər barədə diqqətçəkən fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, futbol daha sürətli və fiziki cəhətdən daha ağır hal alıb, oyunların sayı artır, bərpa vaxtı azalır və səfərlər çoxalır.
Fabreqas vurğulayıb ki, futbolçular təkcə meydandakı rəqabətlə deyil, həm də ətraf mühit, azarkeşlər, klub rəhbərləri, məşqçinin tələbləri və öz daxili təzyiqləri ilə mübarizə aparmalıdırlar. O, bu gərginliyin təkcə oyunçulara deyil, məşqçilərə də təsir etdiyini qeyd edərək Vensan Kompaninin adını çəkib:
“Hər şey həddindən artıq tələblərə doğru gedir və bunu hər yerdə görmək olar. Əsas oyunçular zədələnəndə ‘Arsenal’ qalib gələ bilmir, ‘Mançester Siti’ qələbə qazanmır, ‘Real Madrid’ son dəqiqədə qalib gəlir, ‘Barselona’ isə 0:2 hesabından geridönüş etməli olur.”
Mütəxəssisin fikrincə, məşqçilər əvvəlkindən daha hazırlıqlıdırlar və hər kəs hər şeyi nəzarətdə saxlamağa çalışır. Məğlubiyyət zamanı isə mətbuatın və azarkeşlərin təzyiqi, heyət seçimlərinə görə tənqidlər artır. Fabreqas bildirib ki, heyət qərarlarının arxasında görünməyən səbəblər ola bilər:
“Burada heç bir dahi yoxdur, biz bütün məlumatlara sahibik. Ola bilsin, oyunçu dünən xəstələnib, ola bilsin, həyat yoldaşı hamilədir və o, yata bilməyib, ya da başqa bir şey baş verib.”
O, mövcud reallıqda emosiyaların idarə olunmasının əsas şərt olduğunu deyib və Mozzatedəki komandasında sakitlik, səbir, ardıcıllıq və öz kimliyinə sadiqliyin vacibliyini önə çəkib.
Fabreqasın sözlərinə görə, məşqçinin əsas vəzifələrindən biri hər kəsin keyfiyyətli olduğu və şans qazandığı kollektivdə kimin məqamının nə vaxt çatdığını düzgün müəyyənləşdirməkdir.


