İstanbul valiliyinin administrasiyası "Qalatasaray" stadionu ətrafında şir olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, noyabrın 22-də Sarıyer rayonunun Uskumruköy məhəlləsində yerləşən idman qurğularının yaxınlığında şirə bənzər bir heyvanın görüldüyü barədə məlumat daxil olub. Bu səbəbdən əraziyə təbiəti mühafizə və milli parklar idarəsinin əməkdaşları, jandarm, fövqəladə hallar xidməti (AFAD), eləcə də İstanbul və Sarıyer bələdiyyələrinin baytar xidmətləri cəlb edilib. Axtarışlar həm dronlar vasitəsilə havadan, həm də yerüstü qruplar tərəfindən aparılıb, əraziyə yem və hərəkətə reaksiya verən fototraplar yerləşdirilib.

Axtarışlar zamanı şirin mövcudluğunu təsdiqləyən heç bir dəlil tapılmayıb. Noyabrın 23-də əldə olunan yeni videomaterialların təhlilindən sonra məlum olub ki, kadrlarda görünən heyvan nə şirdir, nə də iri pişiklər fəsiləsinə aid başqa bir növdür. Administrasiya əlavə edib ki, yeni məlumat daxil olacağı təqdirdə əlavə yoxlamalar aparmağa hazırdır.