Almaniyanın tanınmış sabiq futbolçusu Lotar Matteus "Bavariya" rəhbərliyinin Camal Musialanın səhhəti və oyunu ilə bağlı açıqlamalarını tənqid edib.
Offsideplus.az xəbər verir ki, Matteus gənc yarımmüdafiəçidə asanlıqla müalicə olunan yüngül nevroloji pozuntu aşkarlandığını və vəziyyətin dərmanlarla nəzarət altına alındığını xatırladıb. O, xüsusilə klubun fəxri prezidenti Uli Henessin açıqlamalarının komandaya zərər vurduğunu bildirib:
"Musialanın ətrafında yaranan vəziyyət "Bavariya"nı daxildən parçalayır. Bu, klubun son illərdə üzləşdiyi ən ciddi problemlərdən biridir. Rəhbərliyin, xüsusilə də Uli Henessin açıqlamaları ziyan gətirir. Digər futbolçular da düşünürlər ki, bu gün Musialanın başına gələnlər sabah onların da başına gələ bilər. Söhbət böyük məbləğlərdən və yüksək maaşlı müqavilədən gedir. Rəhbərlik daha ehtiyatlı davranmalıdır".
Matteus əlavə edib ki, klub Musialanın səhhətindəki problemi onunla yeni müqavilə imzalanandan dörd ay sonra öyrənib və bu məlumat uzun müddət mediadan gizli saxlanılıb. Onun sözlərinə görə, baş məşqçi Vensan Kompani futbolçuya tam dəstək versə də, yaranmış qeyri-müəyyənlik klub daxilində gərginlik yaradıb.


