27 sentyabr - Anım Günü "Kəpəz" PFK tərəfindən yad edilib.

Offsideplus.az xəbər verir ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəs öncə komandanın məşqində ehtiramla anılıb.

Baş məşqçi Azər Məmmədov futbolçulara, xüsusilə legionerlərə Vətən müharibəsində göstərilən qəhrəmanlıqlardan danışıb. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlılarının təxribatlarına layiqli cavab verib. 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük hissəsinin geri alındığını bildirən A.Məmmədov buna görə şəhidlərimizə, qazilərə və müharibə veteranlarına, həmçinin belə rəşadətli oğullar böyüdən valideynlərə borclu olduğumuzu söyləyib. Ardından torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Məşqdən sonra "Kəpəz" PFK-nin rəhbərliyi, futbolçu və məşqçi heyəti Gəncə şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib. "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub, qəhrəman oğullarımızın məzarları üzərinə tər güllər düzülüb. Həmçinin "Kəpəz"in fan-klubunun üzvləri Anar Məmmədov və Əmrah Rajapov, Gəncə futbolunun yetirməsi, "Kəpəz"in oyunçusu İlqar Bürcəliyevin məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.